BAKI, 2 fevral — Sputnik. Rusiyanın müttəfiqləri, xüsusən də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan ölkələr Qərbin bunun qarşısını almaq cəhdlərinə baxmayaraq, yeni inteqrasiya planları hazırlamaq istəyirlər. Bunu cümə axşamı Rusiyanın xarici işlər naziri Sergey Lavrov telejurnalist Dmitri Kiselyova müsahibəsində deyib.
Lavrov qeyd edib ki, Qərb illərdir Rusiya ilə müttəfiqliyi şübhə altına almaq üçün onun qonşularının və Mərkəzi Asiya dövlətlərinin ərazisinə "amerikapərəst, avropapərəst, NATO yönlü, hətta qeyri-hökumət təşkilatları yerləşdirməyə" çalışır.
"Ancaq bu cəhdlər heç bir ciddi, müsbət reaksiya doğurmur. Qonşularımız, müttəfiqlərimiz, strateji tərəfdaşlarımız bu oyunları görürlər", - deyə o bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri bildirib ki, dünən KTMT Parlament Assambleyasının beynəlxalq məsələlər komitələrinin rəhbərləri ilə görüşü olub. "Biz görürük ki, dostlarımız Qərbin bizim ümumi məkanımızda hansı məqsədlər güddüyünü yaxşı anlayır və görürlər", - deyə Lavrov KTMT-yə üzv ölkələrin Qərbin təsirinə məruz qalmayan, qeyri-qanuni kənar təsirlərdən qorunan formalarda inteqrasiya planlarının gələcək inkişafını təmin edəcək əlavə mexanizmlər qurmaq istədiklərinə diqqəti çəkib.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı beynəlxalq təhlükəsizlik təşkilatıdır və hazırda üzvləri Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistandır. Təşkilat 2002-ci ildə 15 may 1992-ci il tarixli Kollektiv Təhlükəsizlik Müqaviləsi əsasında yaradılıb.