CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Milli Məclis “Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında” Konvensiyanı təsdiqləyib

Beynəlxalq Əmək Təşkilatının "Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında" 1981-ci il iyunun 3-də Cenevrə şəhərində qəbul edilmiş 155 nömrəli Konvensiyası təsdiq edilib.
Sputnik
BAKI, 1 fevral - Sputnik. Azərbaycan parlamenti “Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında” Konvensiyanı ratifikasiya edib.
Beynəlxalq Əmək Təşkilatının “Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında” 155 nömrəli Konvensiyasının təsdiq edilməsi barədə” qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, Konvensiyada qeyd olunduğu kimi, sənəd iqtisadi fəaliyyətin bütün sahələrinə tətbiq edilir. Konvensiyaya əsasən, əməyin təhlükəsizliyi, gigiyenası və istehsalat mühiti üzrə qanun və qaydaların tətbiq edilməsi adekvat və müvafiq təftiş sistemi ilə təmin olunur. Hüquqi öhdəliklərin yerinə yetirilməsində kömək göstərilməsi məqsədilə işəgötürənlər və işçilərin təlimatlandırılması üçün müvafiq tədbirlər görülür. Sənəddə digər müddəalar da öz əksini tapıb.
Beynəlxalq Əmək Təşkilatının "Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında" 1981-ci il iyunun 3-də Cenevrə şəhərində qəbul edilmiş 155 nömrəli Konvensiyası təsdiq edilib.
Azərbaycan Respublikası və Beynəlxalq Əmək Təşkilatı
Xatırladaq ki, Azərbaycan Respublikasının əmək məsələləri sahəsində əməkdaşlıq etdiyi əsas beynəlxalq təşkilat Beynəlxalq Əmək Təşkilatıdır (BƏT).
BƏT I Dünya Müharibəsinin sonunda imzalanmış Versal Sülh Müqaviləsinin bir hissəsi olaraq 1919-cu ildə yaradılıb. BƏT-in yaradılmasının əsas məqsədi “universal və davamlı sülhə yalnız sosial ədalətin bərqərar olunması ilə nail olmaq mümkündür” inamını əks etdirmək olub. BƏT-in Konstitusiyası 1919-cu il yanvar-aprel tarixləri arasında əvvəl Parisdə, daha sonra isə Versalda görüşmüş Sülh Konfransı tərəfindən təsis edilmiş Əmək Komissiyası tərəfindən hazırlanıb. 1946-cı ildən isə BƏT yeni yaradılmış BMT-nin ixtisaslaşmış təşkilatı olub.
BƏT beynəlxalq əmək standartlarının hazırlanmasına və onlara nəzarət edilməsinə məsul olan beynəlxalq təşkilatdır.
Azərbaycan Respublikası 1992-ci ilin may ayından etibarən BƏT-in tam hüquqlu üzvüdür.