SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

XİN İrana səyahət etmək istəyən Azərbaycan vətəndaşlarına xəbərdarlıq etdi

Hal-hazırda İran İslam Respublikasında olan Azərbaycan Respublikası vətəndaşlarına mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri tövsiyə olunur.
Sputnik
BAKI, 31 yanvar — Sputnik. Azərbaycanın Xarici İşlər Nazirliyi İrana səyahət etmək istəyən Azərbaycan vətəndaşlarına müraciət edib.
Müraciətdə bildirilir ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İrandakı Səfirliyinə qarşı silahlı terror hücumu olub. Terror aktı nəticəsində səfirliyin mühafizə xidmətinin rəhbəri Əsgərov Orxan Rizvan oğlu şəhid olub və iki nəfər yaralanıb.
Müraciətdə həmçinin vətəndaşlara ehtiyatlı olmaq və lazım olan anda Təbrizdəki Konsulluqla əlaqə saxlamaq tövsiyə edilib:
"İran İslam Respublikasındakı qeyri-sabit vəziyyət və ölkəmizin diplomatik nümayəndəliyinə qarşı törədilmiş terror aktı nəzərə alınmaqla, Azərbaycan Respublikası vətəndaşlarına zəruri olmadığı təqdirdə İran İslam Respublikasına səfər etməməyi, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri tövsiyə olunur.
Hal-hazırda İran İslam Respublikasında olan Azərbaycan Respublikası vətəndaşlarına mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri tövsiyə olunur.
İran İslam Respublikasındakı vətəndaşlarımızın konsulluq və digər müraciətləri üçün Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğu ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaları xahiş olunur:
ÜNVAN: Təbriz, Vəliəsr, Arif küçəsi 9
TEL: (+98413) 333 48 03
FAKS: (+98413) 331 53 80
E-MAIL: tabriz@mission.mfa.gov.az
WEBSITE: tabriz.mfa.gov.az"