BAKI, 31 yanvar — Sputnik. Qazaxıstanda keçiriləcək seçkilərdə Müstəqil Dövlətlər Birliyinin (MDB) baş katibinin birinci müavini Leonid Anfimovun rəhbərlik edəcəyi MDB müşahidəçilər missiyası fevralın sonu - martın əvvəlində işə başlamağı planlaşdırır. Bunu Birliyin baş katibi Sergey Lebedev jurnalistlərə bildirib.
"Biz missiyanın formalaşdırılması ilə məşğuluq. Ehtimal olunur ki, mənim birinci müavinim Anfimov Leonid Vasilyeviç keçiriləcək seçkilərdə missiyaya rəhbərlik edəcək. Düşünürəm ki, 20 gün ərzində ora qabaqcıl qrup gedəcək. Missiyanın qərargahı açılacaq, qısamüddətli müşahidəçilər adətən seçkilərə üç gün əvvəl gəlirlər", - deyə Lebedev bildirib.
Sergey Lebedev qeyd edib ki, MDB Ukraynadakı vəziyyətin sülh sazişinin əldə olunması ilə başa çatacağına ümid edir.
"Təəssüf ki, Ukrayna MDB orqanlarının işində iştirak etmir, lakin biz ümid edirik ki, bu gün Ukraynada yaranmış vəziyyət sülh sazişinin əldə olunması ilə başa çatacaq. Rusiya Federasiyasının rəhbərliyi də bu barədə dəfələrlə danışıb. Ancaq hansı şərtlərlə olacağı artıq danışıqlar mövzusudur", - deyə Lebedev bildirib.