BAKI, 31 yanvar — Sputnik. ABŞ Prezidenti Co Bayden Ukraynaya F-16 qırıcıları verməkdən imtina etdiyini açıqlayıb.
Bu barədə "RİA Novosti" Ağ Evin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Xatırladaq ki, bundan əvvəl Pentaqon Vaşinqtonun Kiyevə F-16-ların göndərilməsini istisna etmədiyini bildirmişdi.
"Xeyr", - deyə Bayden jurnalistlərin "Ukraynaya döyüş təyyarələri tədarük ediləcəkmi" sualını cavablandırarkən deyib.
Daha sonra Ağ Evin nümayəndəsi, ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi "CNN" telekanalına müsahibəsində bildirib ki, Amerika administrasiyası hətta "F-16" qırıcıları olmadan da Ukraynaya böyük miqdarda silah ötürür.
"Hazırda böyük həcmdə silahlar göndərilir və gələcək həftələr və aylarda da bu, davam edəcək. Bildiyimiz silah növləri Ukrayna qüvvələrinə qışda və qarşıdan gələn yaz mövsümündəki döyüşlərdə kömək etmək üçün kritik rol oynayacaq," – deyə Kirbi qeyd edib.
Vaşinqton Ukraynaya müasir zirehli maşınların çatdırılmasına başlayıb və ötən həftə 60-dan çox "Bradley" piyada döyüş maşını göndərib. Gələcək üçün "Stryker" zirehli transportyorlarının və "Abrams" tanklarının təhvil veriləcəyi açıqlanıb. Oxşar vəsait ukraynalılara ABŞ-ın müttəfiqləri (o cümlədən, Almaniya – "Leopard-2" tankları və "Marder" PDM) tərəfindən verilir.
Rusiyanın xüsusi əməliyyatı fonunda ABŞ və onun NATO-dakı müttəfiqləri Kiyev rejiminə on milyardlarla dollar dəyərində silah göndərməklə ona dəstək verirlər. Moskva isə öz növbəsində dəfələrlə bəyan edib ki, Qərb silahlarının tədarükü yalnız münaqişəni uzadır və silahların daşındığı hər hansı nəqliyyat vasitəsi Rusiya ordusu üçün qanuni hədəfə çevrilir.