SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini dayandırıb, Təbriz konsulluğu isə işləyəcək

Azərbaycan XİN başçısının müavini Xələf Xələfov deyib ki, Tehrandakı səfirliyin diplomatik fəaliyyətini tam dayandırması Təbrizdəki Baş Konsulluğumuzun fəaliyyətinə şamil olunmur.
Sputnik
BAKI, 29 yanvar - Sputnik. “Biz İrandakı səfirliyin diplomatik fəaliyyətini tamamilə dayandırmışıq”.
Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Xarici işlər nazirinin müavini Xələf Xələfov deyib. O bildirib ki, guya diplomatik fəaliyyətin dayanmadığı barədə müəyyən spekulyasiyalar var:
“Müəyyən spekulyasiyalar var ki, guya diplomatik fəaliyyət dayanmayıb. Amma tam dayanıb. Səfirliyin inzibati binasının, səfirlik əmlakının qorunması ilə bağlı müəyyən əməkdaşlar orada qalacaqlar. Amma onlar diplomatik fəaliyyət göstərməyəcəklər.”
“Əlbəttə bizim Təbrizdə Baş Konsulluğumuz var. Tehrandakı səfirliyin diplomatik fəaliyyətini tam dayandırması Təbrizdəki Baş Konsulluğumuzun fəaliyyətinə şamil olunmur.”, - Xələfov əlavə edib.
XİN başçısının müavini bir çox vətəndaşlarımızın İranda olduğunu nəzərə aldıqlarını vurğulayıb: “Onların da yardıma ehtiyacı olarsa, Təbrizdəki Baş Konsulluğa müraciət edə bilərlər”.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.
Azərbaycan səfirliyinə hücum edən şəxs səfirlik əməkdaşları tərəfindən saxlanılıb.
SİYASƏT
Səfirlikdə törədilən terror aktına görə İran məsuliyyət daşıyır - Xələf Xələfov