BAKI, 28 yanvar - Sputnik. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İranı səfirliyə qarşı terror hücumunun arxasında dayananlar və hadisənin səbəbləri barədə Azərbaycana məlumat verməyə çağırıb.
O qeyd edib ki, son vaxtlar Azərbaycanın diplomatik missiyalarına qarşı terror hücumları həyata keçirilir. Parisdə 2, Livanda 1 hücum olub. Həmin hücumları oradakı radikal erməni qrupları həyata keçirib:
“Həmçinin Londonda da radikal bir qrup Azərbaycanın səfirliyinə hücum etdi. İndi də İranda belə hadisə baş verdi. Bu hücumlar araşdırılmalıdır. Xüsusilə İranla Azərbaycan arasında səmimi əməkdaşlıq mühiti formalaşmalıdır”.
M.Çavuşoğlu Tehrana çağırış edərək deyib: “Qonşumuz İrandan gözləntimiz bu terror hücumunun arxasında dayananlar və hadisənin səbəbləri barədə Azərbaycana məlumat verməsidir. Bu, vacibdir. İkinci bir tərəfdən, bu hücumu təşkil edən şəxs və ya şəxslər məsuliyyətə cəlb olunmalıdır. Hər zaman deyirik: Can Azərbaycan tək deyil”.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda bu xain hücum üzrə araşdırma gedir.
Azərbaycan səfirliyinə hücum edən şəxs səfirlik əməkdaşları tərəfindən saxlanılıb