TƏHLİL

Rusiya Ermənistanın əsl mahiyyətini başa düşür - millət vəkili

Aydın Mirzəzadə bildirib ki, hər hansı missiyalar, Ermənistanı dəstəkləyən diplomatik dairələr vəziyyəti heç bir halda Ermənistanın xeyrinə dəyişmək iqtidarında deyil.
Sputnik
BAKI, 28 yanvar — Sputnik. Avropa İttifaqının (Aİ) nəyin bahasına olursa olsun, Ermənistanda möhkəmlənmək cəhdləri ermənilərin və azərbaycanlıların regionun dinc inkişafı ilə bağlı maraqlarına xələl gətirə bilər. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
Sputnik Azərbaycan Rusiya XİN-in bu bəyanatı ilə bağlı millət vəkili Aydın Mirzəzadənin fikrini öyrənib.
Millət vəkili bildirib ki, bu barədə Avropa İttifaqının birtərəfli mövqe tutduğu hiss olunur:

"İşğalçının tərəfində durmaqla nəyəsə nail olmaq mümkün deyil. Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamaqdan yayınır. Belə olan halda missiyanın hansı fəaliyyəti yerinə yetirəcəyi aydın deyil. Yaxşı ki, Rusiya Ermənistanın əsl mahiyyətini başa düşür. Ermənistan dünya siyasi xəritəsində Rusiyaya görə mövcuddur. Bütün bunlara baxmayaraq, Ermənistan Rusiya ilə müttəfiqliyi bir qırağa qoyaraq eyni iki vaxtda iki stulda əyləşməyə çalışır".

O qeyd edib ki, Ermənistan nə etsə də, mövcud reallıqları dəyişə və Vətən müharibəsindən əvvəlki dövrə qayıda bilməyəcək:

"Azərbaycan ərazi bütövlüyünü bərpa edib. Dünya Azərbaycanın haqlı mövqeyini qəbul edir. Bu baxımdan hər hansı missiyalar, Ermənistanı dəstəkləyən diplomatik dairələr vəziyyəti heç bir halda Ermənistanın xeyrinə dəyişmək iqtidarında deyil".