SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İrandakı Azərbaycan səfirliyinə terror hücumu ilə bağlı BMT önündə aksiya keçiriləcək

"Qafqaz Yəhudiləri Mədəniyyət Mərkəzi"nin rəhbəri Yakov Abramov deyib ki, İran hakimiyyəti beynəlxalq hüququn normalarını pozub və bunun üçün cavab verməlidir.
Sputnik
BAKI, 28 yanvar — Sputnik. BMT önündə aksiya keçiriləcək ABŞ-də yaşayan Azərbaycan icmasının fəalları BMT-nin mənzil-qərargahı önündə İranda Azərbaycan səfirliyinə qarşı terror aktı əleyhinə aksiya keçirəcəklər.
Bunu ABŞ-nin Nyu-York ştatında fəaliyyət göstərən "Qafqaz Yəhudiləri Mədəniyyət Mərkəzi"nin rəhbəri Yakov Abramov deyib.
Y.Abramov deyib ki, İran hakimiyyəti beynəlxalq hüququn normalarını pozub və bunun üçün cavab verməlidir:
"Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən terror aktı İran İslam Respublikasının son vaxtlar nümayiş etdirdiyi müttəfiq və qonşuluq münasibətlərinə zidd davranışlarının bir parçasıdır. İran hakimiyyəti beynəlxalq hüququn normalarını pozub və bunun üçün cavab verməlidir. Bu mənfur terror hücumu qəbuledilməzdir.
Silahlı hücum nəticəsində həmyerlimizin həyatını itirməsi Amerikada yaşayan azərbaycanlı və yəhudi icmasının fəallarını yasa boğdu. Beynəlxalq hüquqa və konvensiyalara əsasən, diplomatik korpuslar toxunulmazdır və hər bir dövlət ərazisində fəaliyyət göstərən diplomatik nümayəndəliklərin təhlükəsizliyini təmin etməlidir. İran hökuməti niyə bu terror aktının qarşısını almayıb və ya almaq istəməyib? Bu suala cavab tələb edirik.
ABŞ Dövlət Departamentinin bu xain terror hücumunu qınamasını alqışladıq. Beynəlxalq ictimaiyyət terror hadisəsinə göz yuma bilməz. Məsələni ictimailəşdirmək üçün Nyu-Yorkda yaşayan həmyerlilərimizi BMT-nin mənzil-qərargahı önünə dəvət edirik. Məsələyə hüquqi qiymət verilənə qədər dünya ictimaiyyətinin diqqətini baş verənlərə yönəltməyə çalışacağıq".
Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İrandakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı hücumun qarşısını alarkən yaralanıb. Onların vəziyyəti qənaətbəxşdir.
Öldürülən baş leytenant O.Əsgərov Gəncə şəhər 1 nömrəli Birləşmiş Uşaq Xəstəxanasının baş həkimi Rizvan Əsgərovun oğludur. Onun iki övladı var.
SİYASƏT
ABŞ Azərbaycan səfirliyinə hücuma görə SEPAH-ı günahlandırıb: Təyinat şübhəlidir