BAKI, 26 yanvar — Sputnik. Avropa İttifaqı nümayəndələrinin Ermənistanın sərhədyanı rayonlarında peyda olması mövcud ziddiyyətləri daha da gücləndirə və regiona geosiyasi qarşıdurma gətirə bilər. Bu barədə cümə axşamı Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.
"ABŞ və NATO-nun əlavəsinə çevrilmiş, MDB məkanında qarşıdurma siyasəti yürüdən Avropa İttifaqının nümayəndələrinin Ermənistanın sərhədyanı rayonlarında peyda olması regiona yalnız geosiyasi qarşıdurma gətirə və mövcud ziddiyyətləri daha da gərginləşdirə bilər", - nazirlikdən bildiriblər.
Xarici İşlər Nazirliyi məlumatında vurğulanıb ki, Rusiya Federasiyası Aİ-nin "ekspertləri"nin Ermənistan-Azərbaycan sərhədində baş verənləri izləmələrində heç bir "əlavə dəyər" görmür.
"Əgər Brüssel səmimi qəlbdən Cənubi Qafqazda sülhün əldə olunmasında maraqlı olsaydı, onlar Azərbaycanla öz missiyalarının fəaliyyətinin şərtlərini razılaşdırardılar", - deyə Rusiya XİN-dən bildirilib.