BAKI, 25 yanvar — Sputnik. "Ermənistan Müdafiə Nazirliyi 15 hərbçinin ölümü ilə nəticələnən faciəvi yanğının ertəsi günü 15 ədəd "Hyundai Elantra" markalı avtomobil alıb".
Bunu "Joqovurd" qəzeti yazıb.
Məqalədə qeyd olunub ki, bu, dövlətə 198 milyon dram və ya təxminən, 489 min dollara başa gəlib: "Bir avtomobilə 13,2 milyon dram və ya 32 min 592 dollar xərclənib. Bu davranış ən azı vicdansızlıqdır. Belə çıxır ki, bir tərəfdən sərhəddə olan əsgərlər normal şəraitdən məhrumdurlar, digər tərəfdən isə Müdafiə Nazirliyinin yüksək rütbəli məmurları 2023-cü ilin istehsalı olan avtomobillərdə gəzməlidirlər".
Qəzet bunu vətənin müdafiəsi üçün "unikal yanaşma" kimi qiymətləndirib.
Qeyd edək ki, yanvarın 18-də Ermənistanın Basarkeçər rayonunun Azad kəndində N saylı hərbi hissənin mühəndis-istehkam bölüyünün kazarmasında yanğın baş verib. Hadisə nəticəsində 15 hərbçi ölüb, 6 əsgər və 1 zabit yaralanıb. Hadisəyə görə, Ermənistan silahlı qüvvələrinin İkinci ordu korpusunun komandiri polkovnik Vahram Qriqoryan və digər zabit heyəti işdən çıxarılıb. (Report)