İQTİSADİYYAT

Rusiya və Azərbaycan arasında yükdaşımaların 80 faizi Azərbaycanın payına düşür

Yerüstü Nəqliyyat Agentliyinin rəhbəri bildirib ki, ötən il yük avtomobillərinin Azərbaycandan Rusiyaya girişi üçün 11400 icazə alınıb.
Sputnik
BAKI, 24 yanvar — Sputnik. Rusiya və Azərbaycan arasında yükdaşımaların 80%-i Azərbaycan, 20%-i isə Rusiya daşıyıcılarının payına düşür. Bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında deyib.
O qeyd edib ki, Türkiyədən Rusiyaya daşınmalarda da Azərbaycanın payı var. A.Rzayevin sözlərinə görə, bu rəqəm 30%-ə bərabərdir.
O əlavə edib ki, ötən il yük avtomobillərinin Azərbaycandan Rusiyaya girişi üçün 11400 icazə alınıb. Bu il bu rəqəmin 20 minə çatacağı gözlənilir.
Xatırladaq ki, 2022-ci ildə Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsində artım müşahidə edilir. Azərbaycanın Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, 2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 3 milyard 264 milyon 444 min dollar təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 22,9 faiz çoxdur.