BAKI, 24 yanvar — Sputnik. Ani məqsəd naminə hər an aldatmağa hazır olan Qərbin maliyyə mexanizmlərinə etibar etmək olmaz, buna görə də BRICS-də artıq vahid valyutanın yaradılması barədə fikirlər yaranıb. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında deyib.
Onun fikrincə, Qərbin kobud şəkildə sui-istifadə etdiyi qloballaşma modeli çərçivəsində yaratdığı mexanizmlərin üstünlüyündən maraqları qorumaq yollarını axtarmaq lazımdır.
"Mən ilk növbədə dolların rolunu nəzərdə tuturam", - deyə Lavrov bildirib.
"BRICS ölkələri arasında hesablamalarda milli valyutaların payı artıq fəal şəkildə artır. Artıq BRICS ölkələrində öz valyutalarının yaradılması üzərində işləmək zərurəti ilə bağlı təşəbbüslər elan edilir. Səbəb çox sadədir - hər an aldada bilən, öhdəliklərindən imtina edənlərin əlində olan mexanizmlərə etibar etmək olmaz", - deyə nazir bildirib.
Braziliya Prezidenti Luis İnasio Lula da Silva bazar ertəsi ittifaq daxilində hesablamalarda istifadə üçün vahid "MERCOSUR" valyutasının yaradılması imkanı barədə düşünməyi təklif edib. O xatırladıb ki, bu cür müzakirələr BRICS tərəfindən aparılır.
Braziliya prezidenti qeyd edib ki, belə valyutaların yaradılması dollardan asılılığı azaltmağa və ticarəti asanlaşdırmağa kömək etməlidir.
MRA reytinq xidmətinin idarəedici direktoru Sergey Qrişunin RİA Novosti-yə şərhində BRICS ölkələrinin tam hüquqlu vahid valyutasının 2050-ci ildən əvvəl görünə bilməyəcəyini və çox güman ki, rəqəmsal olacağını, yaxın gələcəkdə isə yuanın üstünlük təşkil edəcəyi ittifaq ölkələrinin valyuta səbətinin yaranmasının tamamilə mümkün olacağını söyləyib.