BAKI, 22 yanvar — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bazar günü ölkənin ən sürətli İstanbul hava limanına aparan metro xəttini işə salıb.
Bir neçə min şəhər sakininin iştirak etdiyi açılış mərasimində Ərdoğan Kağıthane - Yeni İstanbul Hava Limanı xəttində gediş-gəlişin bir ay pulsuz olacağını açıqlayıb. Ərdoğan nəqliyyat naziri və digər rəsmilərin müşayiəti ilə yeni xətt üzrə hərəkətə başlayanlardan birinci olub.
Bu xətt bütün Türkiyənin ən sürətli metro qatarlarını idarə edəcək - onların sürəti saatda 120 kilometrə çatır. Beləliklə, İstanbulun şimalındakı Kağıthane rayonundan hava limanına 24 dəqiqəyə, Taksimin mərkəzindən isə 40 dəqiqəyə çatmaq mümkün olacaq. Xəttin uzadılması istiqamətində işlər aparılır. Hesablamalara görə, üçü hava limanının ərazisində yerləşən 9 stansiyadan ibarət xətt gündə 800 minə yaxın sərnişinə xidmət göstərmək qabiliyyətinə malikdir.
Beləliklə, sərnişinlər büdcələrinə uyğun olan şərtlərlə hava limanına və hava limanından şəhərə getmək imkanı əldə ediblər. Biletin qiyməti təxminən 12 lirədir (təxminən 1 manat 9 qəpik - red.). Halbuki əvvəllər sərnişinlər təxminən 500 lirə (təxminən 45 manat 31 qəpik -red.) ödəyərək taksi xidmətlərindən istifadə etməli idilər. Tıxac halında məbləğ daha da artırdı.
Bu hava limanına Rusiyanın "Aeroflot" şirkəti uçuşlar həyata keçirir və Türkiyə aviaşirkətlərinin Rusiyadan reyslərinin əksəriyyəti bu hava limanına düşür. İkinci hava limanı - Sabiha Gökçen - əsasən aşağı büdcəli aviaşirkətlər tərəfindən istifadə olunur.
Oktyabr ayında prezident Ərdoğan İstanbulun şərqində Sabiha Gökçen hava limanına metro xəttini təntənəli şəkildə istifadəyə verib.
Qara dəniz sahilində şəhərdən 40 kilometr şimalda yerləşən yeni İstanbul Hava Limanı 2019-cu ilin aprel ayından sərnişinlərə xidmət göstərir.