BAKI, 20 yanvar — Sputnik. Ukraynadakı atom elektrik stansiyalarında hər an fövqəladə vəziyyət baş verə bilər.
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi bu barədə CNN-ə bildirib.
Ondan Ukraynada təhlükəsizlik zonası olmadığı halda hər hansı atom elektrik stansiyasında qəzanın baş vermə ehtimalının nə qədər olduğu soruşulub.
"Bu, hər an, hər an baş verə bilər. Bu gün sakit vəziyyət yarana bilər, ertəsi gün isə atəş başlaya bilər. Belə hallar olub. Atışma başlayanda və ya xarici enerji kəsiləndə reaktorlar soyumur. Nəticədə ərimə baş verir", – deyə Qrossi bildirib.
Bu həftə MAQATE rəhbəri Kiyevdə yüksək vəzifəli hökumət rəsmiləri ilə Zaporojye AES-də nüvə təhlükəsizliyi və təhlükəsizlik zonasının yaradılması təklifi ilə bağlı görüşüb.
ZAES Dnepr çayının sol sahilində, Enerqodar şəhəri yaxınlığında yerləşir. Bu, aqreqatların sayına və quraşdırılmış gücünə görə Avropanın ən böyük atom elektrik stansiyasıdır. Mart ayından Rusiya hərbçilərinin himayəsindədir. Rusiya Xarici İşlər Nazirliyi bununla nüvə və radioaktiv materialların sızmasının qarşısının alındığını vurğulayıb.
Ukrayna hərbçiləri Enerqodar və Zaporojye Atom Elektrik Stansiyasının ərazisini mütəmadi olaraq atəşə tutmaqda davam edirlər. MAQATE obyektin ətrafında təhlükəsizlik zonasının yaradılmasının zəruriliyini dəfələrlə bəyan edib.