BAKI, 17 yanvar — Sputnik. Türkiyə 2022-ci ildə artan kirayə qiymətləri baxımından 56 ölkə arasında birinci yeri tutub.
"Aydınlık" qəzeti Britaniyanın daşınmaz əmlak məsləhət şirkəti olan "Knight Frank" tərəfindən dərc olunan "Qlobal ev qiymətləri indeksi" hesabatına istinadən bu barədə yazıb.
Qəzetdə yazılıb: "Türkiyə 160 faizlik artımla 56 ölkə arasında birinci yerdə qərarlaşıb. Yüksək inflyasiyanın ən çox təsir etdiyi sahələrdən biri də mənzil qiymətləridir. Son bir ildə mənzil qiymətləri və kirayə qiymətlərindəki artım dünyanın digər ölkələrindəki artımı üstələyib".
Rieltorlar Palatasının sədri Nizamettin Aşa 2018-ci ildən sonra ev qiymətlərinin ümumi artımına işarə edərək, bu artımın 70 faizinin haqlı olduğunu, 30 faizinin isə "köpük" olduğunu bildirib.
"Bu, əslində son bir ildə baş verən artım deyil. Son 5-6 ildə durğunluq yaşayan bazarı kampaniyalar hərəkətə keçirib. Bu qiymətlər çoxmu yüksəkdir? Təbii ki, bəli. Qiymət, işçi qüvvəsi, torpaq əlçatmazdır. Bunlar, əlbəttə ki, təsir edirlər, amma inanırıq ki, bu artımın yüzdə 70-i əsaslı səbəblərdəndir, yüzdə 30-u isə yox" - deyə Aydınlık onun sözlərindən nümunə gətirib.
Milli Statistika İnstitutunun (TUİK) daha əvvəl verdiyi məlumata görə, Türkiyədə illik inflyasiya noyabrda 84,39%-dən dekabrda 64,27%-ə enib. Rəsmi məlumata görə, ən çox artım mənzil-kommunal xidmətlər (79,83%), sərinləşdirici içkilər (77,9%) və nəqliyyat xidmətlərində (54,5%) olub.