RUSİYA

Rusiya ilə Qərb arasındakı münasibətlərin normallaşacağını gözləmək mümkün deyil

NATO-nun baş katibi Ukraynaya yeni silah tədarükünə ümid edəcəyini söyləyib.
Sputnik
BAKI, 16 yanvar — Sputnik. Ukrayna münaqişəsi bitdikdən sonra da Qərblə Rusiya arasında münasibətlərin normallaşacağını gözləməyə dəyməz.
"İzvestiya" xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bildirib.
Almaniyanın "Handelsblatt" qəzetinə müsahibəsində o, deyib: "Əvvəlki kimi olmayacaq. Ukraynada silahlar sussa belə, Rusiya ilə münasibətlərimizin normallaşacağını gözləməməliyik".
NATO-nun baş katibi, Qərb dövlətlərinin tezliklə Ukraynaya ağır silahların tədarükünü artıracağına inanır. Stoltenberqin sözlərinə görə, NATO müttəfiqləri Ukraynanın Alman "Leopard 2" kimi döyüş tanklarına ehtiyacı olduğunu bilirlər.
Bu, yaxın günlərdə Ramştayn (Almaniyadakı Amerika aviabazası) toplantısında müzakirə olunacaq mövzulardan biridir. O, Almaniya və ABŞ-ın zirehli transportyorların tədarükü ilə bağlı qərarını, eləcə də Fransanın yüngül döyüş tanklarının tədarükü ilə bağlı razılaşmasını alqışlayıb. Stoltenberq Ramştayndə digər müttəfiqlərin də yeni yardımlar elan edəcəklərinə əmindir.
"Ukraynanın qalib gəlməsi və müstəqil dövlətin mövcudluğunu davam etdirməsi üçün onu lazım olan silahlarla təmin etməyimiz vacibdir. Bu, paradoksal görünə bilər, lakin Ukraynaya hərbi dəstək sülhə aparan ən sürətli yoldur", - deyə NATO-nun baş katibi bildirib.
Rus deputatın cavabı
Dumanın Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski Stoltenberqin sözlərini şərh edərkən deyib ki, qan tökülməsinin nizamlanması və dayandırılması kollektiv Qərbin can atdığı məqsəd deyil. Bu barədə o, özünün "Telegram" kanalında yazıb.
"Amma etiraf etmək lazımdır ki, həqiqətən də əvvəlki kimi olmayacaq! Biz artıq keçmiş Qərb tərəfdaşlarımızla Rusiyanın maraqlarının zərərinə heç bir kompromislərə imkan verməyəcəyik! Biz XHƏ-nin bütün məqsədlərinə nail olacaq, suverenliyi qoruyub saxlayacaq və öz yolumuzla gedəcəyik!" – deyə Slutski qeyd edib.
O əlavə edib ki, Qərbin xəyali dəstəyi və lütfü pulsuz pendiri və ya peçenyesi olan siçan tələsi ilə eynidir.