RUSİYA

Qərbin hər hücumundan sonra Rusiya daha da güclənir

Analitikin qənaətinə görə, hazırda Vaşinqton Kiyev rejimi vasitəsilə hücuma keçdiyi üçün Moskva Böyük Avrasiya siyasətindən ABŞ-ın hegemonluğunun əsaslarını və yeganə supergüc statusunu sarsıtmaq üçün istifadə edir.
Sputnik
BAKI, 15 yanvar — Sputnik. Rusiya son bir neçə yüz ildə Qərbin bir neçə hücumunu dəf edib və bu, onu daha da gücləndirib. Bunu Türkiyənin “Sabah” qəzetinin köşə yazarı Bercan Tutar yazıb.
"Son 300 ildə Rusiya 5 dəfə Qərbin hücumuna məruz qalıb. Lakin bütün bu hücumlar Rusiyanı daha da gücləndirib", - müəllif qeyd edib.
İlk hücum, müəllifə görə, 1812-ci il müharibəsidir. Napoleon üzərində qələbədən sonra cəmiyyətdə üstünlük təşkil edən fransız mədəniyyəti arxa plana keçməyə başladı öz yerini rus mədəniyyətinə və anti-Qərb əhval-ruhiyyəsinə verdi.
İkinci hücum 1917-ci il inqilabıdır. Müəllif Qərbin rəhbərlik etdiyi Ağ Qvardiyanın inqilabı yatırmağa çalışdığını iddia edir. Bolşeviklərin qələbəsi dövlətin diqqətini beynəlmiləlçi siyasətə yönəltməyə imkan verdi.
Üçüncü və dördüncü hücumlar Böyük Vətən Müharibəsi və Soyuq Müharibədir.
Tutarın fikrincə, Qərbin Rusiyaya qarşı son hücumu Ukraynanın rusiyapərəst prezidentinin ABŞ və Avropa tərəfindən devrilməsi olub. Daha sonra xüsusi hərbi əməliyyata başlayan Moskva “qlobal status-kvonu” sarsıtdı.

"Qərbin hər müdaxilə cəhdindən sonra Rusiya yeni geosiyasi kimliklə hərəkət edib və güclənib. İndi Vaşinqton Kiyev rejimi vasitəsilə hücuma keçdiyi üçün Moskva Böyük Avrasiya siyasətindən ABŞ-ın hegemonluğunun əsaslarını və yeganə supergüc statusunu sarsıtmaq üçün istifadə edir”, - deyə analitik fikirlərini yekunlaşdırıb.