BAKI, 15 yanvar - Sputnik. Rusiya Prezidenti Vladimir Putin Nepal Prezidenti Bidhya Devi Bhandariyə Pokxara şəhəri yaxınlığında sərnişin təyyarəsinin qəzaya uğramasının faciəvi nəticələri ilə əlaqədar başsağlığı verib. Teleqram Kremlin saytında dərc olunub.
Daha əvvəl bildirilmişdi ki, Katmandudan uçan Yeti Hava Yollarına məxsus ATR 72 turbovintli sərnişin təyyarəsi bazar günü Pokxarada köhnə və yeni hava limanı arasında qəzaya uğrayıb.
Aviaşirkət nümayəndəsinin sözlərinə görə, təyyarədə 68 sərnişin və 4 ekipaj üzvü olub. Fövqəladə vəziyyətin səbəbləri araşdırılır.
Rusiyanın Nepaldakı səfirliyinin məlumatına görə, təyyarənin göyərtəsində 4 rusiyalı olub.
France-Presse agentliyi yerli rəsmiyə istinadən məlumat yayıb ki, Nepalda qəzaya uğrayan təyyarənin göyərtəsində olan bir neçə nəfər sağ qalıb.
“Hörmətli xanım Prezident, Pokxara şəhəri yaxınlığında sərnişin təyyarəsinin qəzaya uğramasının faciəvi nəticələri ilə bağlı dərin hüznlə başsağlığımızı qəbul edin. Zəhmət olmasa, bu dəhşətli təyyarə qəzasında həlak olanların ailələrinə və yaxınlarına səmimi başsağlığı və dəstək sözlərini çatdırasınız”, - Rusiya Federasiyası Prezidentinin teleqramının mətnində deyilir.
Nepal hökuməti göyərtəsində 72 nəfərin olduğu təyyarənin qəzaya uğraması ilə əlaqədar bazar ertəsi günü matəm elan edib.