RUSİYA

Rusiyadan neft idxalına qadağa Almaniyada neft emalı zavodlarının işinə mənfi təsir edib

Neft emalı zavodları xammal çatışmazlığının öhdəsindən gəlmək üçün istehsal gücünü azaltmalı olublar.
Sputnik
BAKI, 12 yanvar — Sputnik. Rusiya neftinin idxalına qoyulan qadağanın tətbiqi Alman neft emalı zavodlarının işini çətinləşdirib. Bu barədə Çinin "CCTV" telekanalı xəbər verir.
Yanvarın 1-dən Almaniya hakimiyyətinin Rusiya Federasiyasından "Drujba" kəməri ilə neft idxalını dayandırmaq qərarı qüvvəyə mindikdən sonra neft emalı zavodları xammal çatışmazlığının öhdəsindən gəlmək üçün istehsal gücünü azaltmalı olublar.
Xüsusilə, əvvəllər Berlində və onun ətrafında neft məhsullarına olan istehlakçı tələbatının 90%-dən çoxunu ödəyən, Şvedtə yerləşən neft emalı zavodu hazırda istehsal gücünün cəmi 50%-i ilə işləyir.
Bildirilir ki, Almaniya İqtisadiyyat Nazirliyi bu müəssisəyə Qazaxıstandan neft tədarükünü təşkil edəcəyinə söz verib. Lakin onun tranziti üçün Drujba neft kəmərinin gücü tələb olunur.
Telekanalın məlumatına görə, hazırda Qazaxıstan və Rusiya Federasiyası neftin Almaniyaya çatdırılması ilə bağlı danışıqlar aparır.
Bundan əvvəl Astana da Rusiyanın Qazaxıstan neftinin Almaniya Federativ Respublikasına tranzitini dəstəklədiyi bildirilmişdi.