RUSİYA

Rusiya, Türkiyə və Suriya XİN rəhbərlərinin görüşü fevralın əvvəlində baş tuta bilər

Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri bildirib ki, XİN rəhbərlərinin görüşü fevralın əvvəlində baş tuta bilər, hələ ki, yekun tarix yoxdur.
Sputnik
BAKI, 12 yanvar — Sputnik. Rusiya, Türkiyə və Suriya XİN rəhbərlərinin görüşü fevralın əvvəlində baş tuta bilər, hələ ki, yekun tarix yoxdur. Bunu jurnalistlərə açıqlamasında Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Mövlud Çavuşoğlu deyib.
"Biz tarix üzərində işləyirik, hələ yekun tarix yoxdur. Ola bilsin ki, fevralın əvvəlində. Rusiya tərəfinə təkliflərimiz var. Bunun üzərində işləyirik".
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova cümə axşamı bildirib ki, Rusiya, Türkiyə və Suriya xarici işlər nazirləri Sergey Lavrov, Mövlud Çavuşoğlu və Faysal Mikdad arasında görüş hazırlanır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan may ayında Türkiyədə keçiriləcək prezident seçkilərindən əvvəl Suriya lideri Bəşər Əsədlə görüşə bilər.
Bu barədə "Aydınlık" qəzeti çərşənbə axşamı öz mənbələrinə istinadən xəbər verir.
Qəzet yazır: "Normallaşma prosesinin üçüncü mərhələsində Prezident Rəcəb Tayyib Ərdoğanla Suriya Prezidenti Bəşər Əsəd arasında görüş gözlənilir".
Nəşr onu da xatırladıb ki, daha əvvəl Ərdoğan normallaşma prosesini çox da uzatmaq istəmədiklərini və Əsədlə görüşə biləcəyini demişdi.
Prezident Ərdoğanın may ayında keçirilməsi gözlənilən 2023-cü il seçkilərindən əvvəl Suriya lideri ilə görüşə biləcəyi ehtimal edilir.
Rusiya, Suriya və Türkiyənin müdafiə nazirləri dekabr ayında Moskvada Suriya böhranının həlli yollarını müzakirə etmək üçün üçtərəfli danışıqlar aparıblar. KİV qeyd edir ki, Moskvada hərbi idarələrin rəhbərləri arasında keçirilən danışıqlar Ankara ilə Dəməşq arasında son 11 ildə ilk rəsmi danışıqlar olub.