İDMAN

Qripə kütləvi yoluxma üzündən Azərbaycan çempionatında daha bir oyun təxirə salınıb

Bir gün öncə qadın voleybolçular arasında keçirilməli olan "Murov" – UNEC görüşü də analoji səbəbdən təxirə salınıb.
Sputnik
BAKI, 12 yanvar — Sputnik. Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının II turunda bu gün keçirilməli olan "Neftçi" - "Xarı bülbül" oyunu təxirə salınıb.
Azərbaycan Voleybol Federasiyasından apasport.az saytına verilən məlumata görə, buna "Neftçi"nin müraciəti səbəb olub. Müraciətdə komandanın bir neçə üzvünün xəstələnməsi ilə əlaqədar oyunun təxirə salınması xahiş olunub.
Bildirilib ki, komandanın əksər oyunçuları hazırda ölkəmizdə geniş yayılmış qrip virusundan və yüksək hərarətdən əziyyət çəkirlər. Onlar artıq bir neçə gündür ki, məşqlərdə də iştirak edə bilmirlər.
Federasiya vəziyyəti nəzərə alaraq bu gün saat 16:00-da keçirilməsi nəzərdə tutulan "Neftçi" - "Xarı bülbül" oyununu təxirə salıb. Həmin matçın keçiriləcəyi tarixlə bağlı yaxın günlərdə məlumat veriləcək.
Nəticədə bu gün yalnız MOİK - "Murov" qarşılaşması baş tutacaq. Oyun saat 16:00-da start götürəcək və "CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, bir gün öncə qadın voleybolçular arasında keçirilməli olan "Murov" – UNEC görüşü də analoji səbəbdən təxirə salınıb.