BAKI, 12 yanvar — Sputnik. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşlardan rüşvət alan Ağdam Musiqi Kollecinin direktoru Rafail Musayevin qanunsuz əməlləri ifşa edilib.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən xəbərə görə, kollec direktorunun 2019-2023-cü illərdə müəllimlərə dərs saatlarının ayrılması, işə qəbul, tələbələrə imtahanlarda qiymətlərin yazılması və digər qanunsuz məqsədlərlə külli miqdarda rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.
Bununla bağlı, Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, toplanmış ilkin sübutlar əsasında ona həmin Məcəllənin 311.3.2 (təkrar rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib, barəsində məhkəmənin qərarı ilə vəzifədən kənarlaşdırılmaqla ev dustaqlığı qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Xatırladaq ki, "Saatlı Gənclər Evi" sosial xidmət müəssisəsinin direktoru vəzifəsində işləmiş Quliyev Əzizağa Kişibala oğlu da rüşvətə görə həbs olunub.
Aparılmış araşdırmalarla Əzizağa Quliyevin "Saatlı Gənclər Evi" sosial xidmət müəssisəsinin direktoru vəzifəsində işləyən zaman Matan Məmmədovanı xadimə işinə qəbul etmək müqabilində 1000 manat, qızı Jalə Həvəskarini isə kompüter üzrə mütəxəssis ştatına işə qəbul etmək üçün 2000 manat məbləğində pulu rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Saatlı rayon prokurorluğunda cinayət işi başlanmaqla, Quliyev Əzizağa Kişibala oğlu Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.