BAKI, 12 yanvar — Sputnik. Macarıstan Prezidenti Katalin Novak NATO-nu Ukraynadakı münaqişəyə cəlb olunmamaq barədə xəbərdar edib və təşkilatı emosiyaları deyil, praqmatizmi rəhbər tutmağa çağırıb. Bu barədə RİA Novosti "MTI" agentliyinə istinadən xəbər yayıb.
"Bu məsələdə (Ukraynadakı münaqişə - red.) praqmatik olmaq lazımdır, lakin Avropanın sağ qalması haqqında da düşünmək lazımdır. Şimali Atlantika Müqaviləsi Təşkilatı müharibədən kənarda qalmalı, emosiyalara qapılmamalı və bu səbəbdən münaqişəyə qarışmamalıdır", - deyə Novak Macarıstanda çalışan xarici səfirlərlə görüşündə bildirib.
Prezident diplomatları bir-birinin mədəniyyətinə qarşılıqlı hörmət və praqmatizm ruhunda işləməyə çağırıb.
Moskva daha əvvəl qeyd edib ki, Ukraynaya "davamlı irimiqyaslı yardım" getdikcə daha çox "Qərb dövlətini Kiyev rejiminin tərəfində münaqişəyə cəlb edir".
Rusiyanın xarici işlər naziri Sergey Lavrov içində Ukrayna üçün silah olan istənilən yükün Rusiya üçün qanuni hədəfə çevriləcəyinə diqqət çəkib.
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Ukraynanın Qərb tərəfindən silahlarla təchiz edilməsi Rusiya-Ukrayna danışıqlarının uğuruna kömək etmir və mənfi təsir göstərəcək.