BAKI, 12 yanvar — Sputnik. "2022-ci ildə suçiçəyi xəstəliyinin artımı əsasən ilin birinci yarısında qeydə alınıb, iyul ayından başlayaraq xəstəliyinin səviyyəsində azalma müşahidə olunub". Bu barədə APA-nın sorğusuna cavab olaraq Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.
Bildirilib ki, payız-qış mövsümünün başlanması ilə əlaqədar olaraq 2022-ci ilin noyabr ayından xəstəliyin səviyyəsi mövsümə uyğun olaraq bir qədər artıb.
"Qeydə alınan xəstəlik ocaqlarında əks-epidemik tədbirlərin aparılması təmin edilir", - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Nigar Bayramova bildirib ki, rotaviruslara qarşı peyvəndlər bizim Milli Peyvənd Təqviminə salınmayıb. Nazirlik mütəxəssisi bildirib ki, rotaviruslara qarşı peyvənd artıq bir sıra ölkələrdə tətbiq edilir.
Məlumat üçün bildirək ki, uşaqlara ilk peyvənd doğumdan sonra 12 saat ərzində Hepatit B xəstəliyinə qarşı vurulur.
4-7-ci gündə vərəm əleyhinə peyvənd (BCG), poliomielitə qarşı peyvənd (OPV) vurulur.
2 aylıqda B tipli hemofil infeksiyaya, difteriya, göyöskürək, tetanus və Hepatit B-yə qarşı peyvənd (Hib), poliomielitə qarşı peyvənd (OPV), pnevmokok infeksiyalarına qarşı peyvənd (Pk) edilir.
3 aylıqda B tipli hemofil infeksiyaya, difteriya, göyöskürək, tetanus və Hepatit B-yə qarşı peyvənd (Hib) və poliomielitə qarşı peyvənd (OPV) vurulur. 4 aylıqda B tipli hemofil infeksiyaya, difteriya, göyöskürək, tetanus və Hepatit B-yə qarşı peyvənd (Hib) və poliomielitə qarşı peyvənd (OPV) , pnevmokok infeksiyalarına qarşı peyvənd (Pk) edilir.
6 aylıqda pnevmokok infeksiyalarına qarşı peyvənd (Pk), 12 aylıqda isə qızılca (QPM), parotit və məxmərəyə qarşı peyvənd, vitamin A (Vit A) peyvəndləri edilir.
Uşaq 18 aylıq olduqda difteriya, göyöskürək və tetanusa qarşı peyvənd (GDT), poliomielitə qarşı peyvənd (OPV), vitamin A vaksini edilir.
6 yaşında isə qızılca, parotit və məxmərəyə qarşı peyvənd (QPM), difteriya və tetanus əleyhinə peyvənd (DT), vitamin A peyvəndi edilməlidir.
Uşaqlar üçün mütləq olan peyvəndlərdən savayı, valideynlərin şəxsi xahişinə əsasən, xəstəliyi keçirməyən uşaqlara suçiçəyi, rotavirus infeksiyası, həmçinin 12-15 yaşlı qız uşaqlarına isə insan papilloması virusu (İPV) peyvəndləri də oluna bilər. Peyvəndlər mümkün qədər peyvənd təqvimlərinə müvafiq olan vaxtlarda yerinə yetirilməlidir.