BAKI, 10 yanvar — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan may ayında Türkiyədə keçiriləcək prezident seçkilərindən əvvəl Suriya lideri Bəşər Əsədlə görüşə bilər.
Bu barədə "Aydınlık" qəzeti çərşənbə axşamı öz mənbələrinə istinadən xəbər verir.
Qəzet yazır: "Normallaşma prosesinin üçüncü mərhələsində Prezident Rəcəb Tayyib Ərdoğanla Suriya Prezidenti Bəşər Əsəd arasında görüş gözlənilir". Nəşr onu da xatırladıb ki, daha əvvəl Ərdoğan normallaşma prosesini çox da uzatmaq istəmədiklərini və Əsədlə görüşə biləcəyini demişdi.
Prezident Ərdoğanın may ayında keçirilməsi gözlənilən 2023-cü il seçkilərindən əvvəl Suriya lideri ilə görüşə biləcəyi ehtimal edilir.
Ərdoğan daha əvvəl Əsədlə görüşünü istisna etməyib və "siyasətdə heç bir inciklik olmadığını" deyib.
Rusiya prezidentinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov daha əvvəl "RİA Novosti"yə bildirib ki, Moskva Ankara və Dəməşqə vasitəçilik təklif etmir, lakin Rusiyadan xahiş olunarsa, o, bu görüşü keçirməyə hazırdır.
Rusiya, Suriya və Türkiyənin müdafiə nazirləri dekabr ayında Moskvada Suriya böhranının həlli yollarını müzakirə etmək üçün üçtərəfli danışıqlar aparıblar. KİV qeyd edir ki, Moskvada hərbi idarələrin rəhbərləri arasında keçirilən danışıqlar Ankara ilə Dəməşq arasında son 11 ildə ilk rəsmi danışıqlar olub.