BAKI, 10 yanvar — Sputnik. Dəniz İnformasiya Əməkdaşlıq və Maarifləndirmə Mərkəzinin (MICA) hesabatına görə, açıq dənizlərdəki quldurluq və soyğunçuluq uzun müddət ərzində ən aşağı səviyyədədir.
Fransa donanması tərəfindən idarə olunan MICA mərkəzi bildirib ki, keçən il bütün dünyada açıq sularda dəniz quldurluğu ilə bağlı cəmi 300 məlumat qeydə alınıb.
"2021-ci ildə başlayan dəniz quldurluğu və soyğunçuluğun azalması 2022-ci ilə qədər davam edib. 2022-ci ildə MICA Mərkəzi 300 insident qeydə alıb ki, bu da 2021-ci ilə nisbətən, təxminən, 5% azalma deməkdir", - deyə hesabatda qeyd olunub.
Dəniz quldurluğu və soyğunçuluğun azalmasının xüsusilə nəzərə çarpdığı yerlərdən biri Afrikanın qərb sahillərində yerləşən Qvineya körfəzidir. Bura tarixən dəniz quldurlarının üstünlük verdiyi təhlükəli ərazi olub. MICA-nın məlumatına görə, 2022-ci ildə Qvineya körfəzində cəmi 3 soyğunçuluq hadisəsi baş verib. Müqayisə üçün qeyd edək ki, 2019-cu ildə bu rəqəm 26 olub.
MICA Mərkəzi 2016-cı ildə bütün dünyada dəniz nəqliyyatına təsir edən vəziyyətləri və insidentləri müəyyən və təhlil etmək, habelə ekipajları və gəmi sahiblərini təhlükələr barədə xəbərdar etmək üçün yaradılıb.