BAKI, 9 yanvar — Sputnik. Hələ payız mövsümündən qışa hazır olduqlarını, duz-qum ehtiyatı gördüklərini bəyan edən Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin heç bir fəaliyyəti hiss olunmur.
Bakı-Rusiya yolunun buz bağlaması bu yolda onlarla qəzaya səbəb olub. Bu saatlarda isə Sumqayıt-Bakı istiqaməti üzrə sərnişin mikroavtobusu yük maşını ilə toqquşub. Son məlumata görə, bu yolda ondan çox qəza baş verib. Bakı-Quba yolunda da avtomobillərin hərəkəti yolların buz bağlaması üzündən iflic olub. Qış qarajının tam hazır olduğunu qış gəlməmiş bəyan edən bu qurumların qartəmizləyən maşınları da yollarda gözə dəymir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Bakı-Rusiya yolu qardan təmizlənib, yola duz-qum səpilib. Sumqayıtdan Bakıya və əks istiqamətə hərəkət edən avtomobillərin yolda hərəkətinin iflic olmasına gəlincə, Nəcəfli bildirib ki, səbəb avtomobillərin mövcud hava şəraitinə uyğun şinlərlə təchiz edilməməsidir: ”Sumqayıt yolu, Mehdiabad istiqamətində yollar, eləcə də Bakı-Quba yolu qardan təmizlənib. Yollara duz səpilib. Sadəcə olaraq avtomobillər yay şinləri ilə yola çıxırlar. Bu da qəzaları qaçılmaz edir”.