CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ayaqyoluna görə töhmət aldığı deyilən müəllimlə bağlı rəsmi açıqlama

Sözügedən pedaqoqa töhmət verilməsi xəbəri təsdiqlənib.
Sputnik
BAKI, 9 yanvar — Sputnik. Mil-Muğan Regional Təhsil İdarəsi İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbində dərsi boykot edərək, ayaqyolu tikilənə qədər şagirdlərdən də məktəbə gəlməmələrini istəyən müəllim Nəcəfquliyeva Leyla Rəhim qızının töhmət alması ilə bağlı yayılan fikirlərə aydınlıq gətirib.
İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Vilayət Əliyev Sputnik Azərbaycan-ın sorğusuna cavabında bildirib ki, müəllimin yayılan görüntülərə görə töhmət alması xəbəri həqiqəti əks etdirmir:
“2022-ci ilin dekabr ayında özbaşına iki gün işə gəlməyib. O, əmək intizamını pozduğu üçün rəhbərlik tərəfindən töhmət alıb”.
İdarədən həmçinin bildirilib ki, Aralı kənd məktəbində üç sanitar qovşaq var. Məktəb qəzalı vəziyyətdə olduğundan yenidən layihələndiriləcək. Bu müddətədək mobil sanitar qovşaqla təmin ediləcək.
Qeyd edək ki, sözügedən görüntülər sosial şəbəkələrdə böyük ajiotaj yaradıb.