DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Almaniyada terror aktı hazırlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb

Almaniyada dövləti təhdid edən ciddi zorakılıq aktı hazırlayan şəxslər 6 aydan 10 ilə qədər həbs cəzası ala bilər.
Sputnik
BAKI, 8 yanvar - Sputnik. Almaniya hüquq-mühafizə orqanlarının əməkdaşları iki nəfəri "dövlət üçün təhlükəli olan ciddi zorakılıq aktı" hazırlamaqda şübhəli bilinərək saxlayıblar. RİA Novosti Düsseldorf prokurorluğu, Reklinghausen polisi və Münster polisinin birgə mətbuat şərhinə istinadən xəbər verir ki, saxlanılan şəxslərin terror hücumu üçün sianid və risin aldıqları ehtimal olunur.
Şimali Reyn-Vestfaliya əyalətinin Kastro-Rauxel məhkəməsinin qərarı ilə İran vətəndaşı olan 32 yaşlı təqsirləndirilən şəxsin evində axtarış aparılıb.
O, "dövlət üçün təhlükə yaradan ciddi zorakılıq aktı hazırlamaqda" şübhəli bilinir. Həmin şəxsin islamçılar tərəfindən təşviq olunan hücum üçün sianid və risin aldığı ehtimal olunur.
İranlıdan əlavə daha bir şəxs nəzarətə alınıb, sübutlar götürülüb və hazırda təhlil edilir.
Həbslə bağlı qərarın daha sonra veriləcəyi dəqiqləşdirilir. Dövləti təhdid edən ciddi zorakılıq aktı hazırladığına görə həmin şəxslər Almaniyada 6 aydan 10 ilə qədər həbs cəzası ala bilərlər.