BAKI, 7 yanvar - Sputnik. Bakı Nəqliyyat Agentliyi (BNA) yanvarın 8-dən başlayaraq ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlığı nəzərə alaraq hərəkət iştirakçılarına yollarda diqqətli olmağı tövsiyə edir.
Bu barədə BNA məlumat yayıb.
Agentlik qarlı və şaxtalı hava şəraitində sürücülərə hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə riayət etməlirinə tövsiyə edir. Həmçinin sərnişinlərdən dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olmaları, həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində və digər yerlərdə yolun hərəkət hissələrinə çıxmamağı, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib-düşməyi, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir.
"Sürücülər sürət həddinə əməl etməklə yanaşı, meteoroloji amillər nəzərə alsınlar və digər hərəkət iştirakçılarına qarşı anlayışla davransınlar. Ümumilikdə isə kəskin hava şəraitinin davam etdiyi günlərdə ictimai nəqliyyatdan istifadəyə üstünlük verilməsini tövsiyə edirik", - məlumatda deyilir.