RUSİYA

Putin: Moskva dialoqa açıqdır

Vladimir Putin Rusiyanın ciddi dialoqa açıq olduğunu bir daha təsdiqləyib - bu şərtlə ki, Kiyev hakimiyyəti məlum və dəfələrlə səsləndirilən tələbləri yerinə yetirsin və yeni ərazi reallıqları nəzərə alınsın.
Sputnik
BAKI, 5 yanvar — Sputnik. Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynadakı vəziyyəti və enerji məsələlərini müzakirə ediblər.
Bu barədə Rusiya dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
"Ukrayna ətrafındakı vəziyyətə toxunulub. Rusiya tərəfindən isə Kiyev rejimini silah və hərbi texnika ilə pompalayan, ona operativ məlumat və hədəf təyinatları verən Qərb dövlətlərinin dağıdıcı rolu vurğulanıb ", - məlumatda belə deyilir.
"Rəcəb Tayyib Ərdoğanın münaqişənin siyasi həlli üçün Türkiyənin vasitəçiliyinə hazır olması fonunda Vladimir Putin Rusiyanın ciddi dialoqa açıq olduğunu bir daha təsdiqləyib - bu şərtlə ki, Kiyev hakimiyyəti məlum və dəfələrlə səsləndirilən tələbləri yerinə yetirsin və yeni ərazi reallıqları nəzərə alınsın", - deyə Rusiya Federasiyası prezidentinin mətbuat xidməti bildirib.
Söhbət zamanı ilk növbədə enerji sektorunda ticarət-iqtisadi əlaqələrin daha da genişləndirilməsi məsələləri də müzakirə olunub.
"Türkiyədə regional qaz qovşağının yaradılması və "Akkuyu" atom elektrik stansiyasının tikintisi kimi strateji əhəmiyyətli birgə layihələrin həyata keçirilməsinin prioritet əhəmiyyəti qeyd edilib", - deyə məlumatda qeyd olunub.
Həmçinin, qeyd edilib ki, "22 iyul 2022-ci il tarixli Ukrayna taxılının ixracı və Rusiyadan ərzaq və gübrə tədarükünə maneələrin aradan qaldırılması ilə bağlı İstanbul sazişlərinin etibarlılığı nəzərdən keçirilərkən, vicdanlı kompleks yanaşmanın zəruriliyi vurğulanıb ki, bu da Rusiya ixracına bütün maneələrin ləğv edilməsini nəzərdə tutur."
Putin və Ərdoğan arasındakı söhbətdə Suriya nizamlanması perspektivlərinə də diqqət yetirilib.
"2022-ci ilin dekabrında Rusiya, Türkiyə və Suriyanın kəşfiyyat xidmətlərinin rəhbərlərinin iştirakı ilə Moskvada keçirilən müdafiə nazirlərinin görüşü müsbət qiymətləndirilib. Ümid edilib ki, bu cür üçtərəfli formatda təmasların inkişaf etdirilməsi Suriya Ərəb Respublikasında vəziyyətin əsaslı şəkildə yaxşılaşdırılmasına, o cümlədən, onun ərazi bütövlüyünün bərpasına, qaçqınlar probleminin həllinə və beynəlxalq terror strukturlarına qarşı mübarizəyə töhfə verəcək", - mətbuat xidmətinin bəyanatında belə deyilir.
Rusiya Federasiyası və Türkiyə prezidentləri Yeni il münasibətilə bir-birini təbrik ediblər və müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi barədə razılığa gəliblər.