BAKI, 5 yanvar — Sputnik. Azərbaycan millisinin futbolçusu Mahir Emreli sabiq klubu Polşa "Legiya"sında 2022-ci ilin antiqəhrəmanları sırasına düşüb. Hazırda Xorvatiya təmsilçisi "Dinamo"nun (Zaqreb) formasını geyinən hücumçu Varşava klubunun azarkeşləri arasında aparılan səsvermə zamanı antiqəhrəman nominasiyasında ikinci yeri tutub.
Report bildirir ki, Polşada olarkən azarkeşlərin hücumuna məruz qalan və bu üzdən komandanın düşərgəsinə qayıtmayan 25 yaşlı forvard itaətsizlik səbəbindən 2004 səs toplayıb. Bu baxımdan birinci yeri klub idarəçiliyinə görə prezident Dariuş Mioduski tutub. O, 4156 səs yığıb.
Qeyd edək ki, Mahir Emreli 2022-ci ilin fevralında keçdiyi "Dinamo" ilə 4,5 illik müqavilə imzalayıb.
Mahir Emreli kimdir?
Mahir Emreli 2022/2023 mövsümündən etibarən Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunda və Azərbaycan milli futbol komandasında hücumçu mövqeyində çıxış edir.
Bakı Futbol Klubunun yetirməsi olan Mahir Emreli uzun müddət klubun aşağı yaş qruplarında və əvəzedici heyətində oynayıb. 2015-ci ildən Qarabağda çıxış edən futbolçu 4 dəfə Azərbaycan Premyer Liqasının və 1 dəfə Azərbaycan Kubokunun qalibi olub.