BAKI, 4 yanvar — Sputnik. İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan çərşənbə günü Fransanın "Charlie Hebdo" jurnalında dərc olunan İslam Respublikası hakimiyyətinin karikaturasını tənqid edib və pisləyib.
"Fransa nəşrinin dini-siyasi gücün (İranda - red.) karikaturalarını dərc edərkən təhqiredici və ədəbsiz hərəkəti sərt reaksiyasız qalmayacaq. Biz Fransa hökumətinin sərhədi keçməsinə imkan verməyəcəyik, onlar qəti şəkildə səhv yol seçiblər. Biz əvvəllər bu nəşri sanksiya siyahısına daxil etmişdik", - iranlı diplomat öz "Twitter" səhifəsində yazıb.
Bu gün Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva da özünün "Twitter" hesabında "Charlie Hebdo" jurnalını sərt tənqid edib.
"Siz Ermənistanın Azərbaycan ərazilərinin 20%-ni 30 illik hərbi işğalı zamanı yaratdığı təhlükəni unutmusunuz. İndi isə Azərbaycan öz suveren ərazilərində sülhü təmin etdiyi halda, siz hansı təhlükədən danışırsınız?" - deyə diplomat jurnalın rəhbərliyinə bildirib.
Qeyd edək ki, "Charlie Hebdo"nun dünənki sayında Ukraynadakı müharibənin Ermənistan və Qarabağ üzərindəki "təhlükə"ni unutdurduğu barədə məqalə dərc olunub. Burada hər kəsə ermənilərin xeyrinə səfərbər olmaq çağırışı edilib.
Xatırladaq ki, "Charlie Hebdo" jurnalı İslam dinini, onun müqəddəs saydığı şəxsləri, o cümlədən Məhəmməd peyğəmbəri ələ salan, təhqir edən karikaturalar dərc etdiyinə görə zaman-zaman qınaqlara səbəb olub. İran başda olmaqla bir sıra müsəlman dövlətləri jurnalın onların ölkələrində yayımını qadağan edib, jurnalın əməkdaşlarına isə sanksiyalar tətbiq edib.