BAKI, 31 dekabr - Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefonla Suriya nizamlanmasında addımların koordinasiyasını müzakirə edib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Nazirlər Yeni il təbrikləri mübadiləsi aparıblar və 2023-cü il üçün xarici işlər nazirlikləri arasında əməkdaşlıq planlarını, o cümlədən Suriya nizamlanmasının təşviqi üçün addımların gələcək koordinasiyasını müzakirə ediblər", - deyə nazirliyin məlumatında bildirilir.
Daha əvvəl Suriyanın “Əl-Vatan” qəzeti Dəməşqdəki mənbələrə istinadən yazıb ki, Ankara Türkiyə, Suriya və Rusiya müdafiə nazirlərinin Moskvada keçirilən görüşündən sonra qoşunlarını Suriya ərazisindən çıxarmaq barədə razılığa gəlib.
Rusiya, Suriya və Türkiyənin müdafiə nazirləri bu həftə Moskvada Suriya böhranının həlli yollarını müzakirə etmək üçün üçtərəfli danışıqlar aparıblar. Nazirlik aydınlaşdırıb ki, “görüşdən sonra tərəflər bu formatda keçirilən dialoqun konstruktiv xarakterini və Ərəb Respublikasında və bütövlükdə regionda vəziyyətin daha da sabitləşdirilməsi maraqları naminə onun davam etdirilməsinin zəruriliyini qeyd ediblər”.
Türkiyənin Hürriyet qəzetinin yazdığına görə, Moskvada hərbi idarələrin rəhbərləri arasında keçirilən danışıqlar Ankara ilə Dəməşq arasında son 11 ildə ilk rəsmi danışıqlar olub.