CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Milli parkları nə qədər turist ziyarət edib? Rəsmi açıqlama

Firuddin Əliyev bildirib ki, parklara gələnlərin əksəriyyəti yerli turistlər olsa da, ziyarətçilər arasında çoxlu sayda xaricilər də olub.
Sputnik
BAKI, 30 dekabr — Sputnik. Milli parklara səfər edən turistlərin sayı ilbəil artır. Bu il ərzində ən çox turist qəbul edərək ilk üçlükdə yer alan milli parklarımız Göygöl, Şahdağ və Abşeron milli parklarıdır. Bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib. "Milli parklarımıza il ərzində ümumilikdə 276 703 nəfər turist səfər edib. Parklara gələnlərin əksəriyyəti yerli turistlər olsa da, ziyarətçilər arasında çoxlu sayda xaricilər də olub".
Xidmət rəisinin sözlərinə görə, ölkəmizin füsunkar guşələrində yerləşən milli parkların təbliği, orada təşkil olunan maarifləndirici tədbirlər, milli parklardan bütün fəsilləri əhatə edən və biomüxtəlifliyi əks etdirən maraqlı, rəngarəng video və foto görüntülər də gözəl təbiət ərazilərimizə olan marağın artmasına bu il də şərait yaradıb.
F.Əliyev Azərbaycan təbiətini sevən, onun gözəlliklərinə dəyər verən bütün turistləri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramlarını, eləcə də tətil günlərini milli parklarımızda keçirməyə dəvət edib.