CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Milli Məclis Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə müraciət qəbul edib

Müraciətdə bildirilir ki, Azərbaycan Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin bərpa edilməsi üçün mümkün olan bütün tədbirləri görür, təəssüf ki, dövlətimizin sülh səylərini pozmaq istəyən qüvvələr var.
Sputnik
BAKI, 30 dekabr-Sputnik. Milli Məclis Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə müraciət qəbul edib.
Parlamentin bu gün keçirilən iclasında "Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciətinin təsdiq edilməsi haqqında" Milli Məclisin qərar layihəsi müzakirəyə çıxarılıb.
Qərar layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
Müraciəti deputat Anar Məmmədov oxuyub.
Müraciətdə deyilir:
"Bəşər sivilizasiyanın indiki mərhələsi millətlərin tarixi rollarının yeni məzmun kəsb etməsi ilə fərqlənir. Taleyin hökmü ilə Azərbaycanın hüdudlarından kənarda yaşayan azərbaycanlılarının hüquqlarının qorunması, onların inkişafı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin ayrılmaz hissəsidir.
Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar milli maraqlarımızın həyata keçirilməsinin zəruriliyini bu gün daha dərindən dərk edirlər. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuza dünya azərbaycanlılarının göstərdiyi dəstək torpaqlarımızın 30 illik işğaldan azad olunmasına töhfə verib.
Qəhrəman Azərbaycan əsgərinin sıldırım qayaları aşaraq azad etdiyi Şuşada keçirilən Azərbaycanlıların Zəfər Qurultayı bu həqiqəti dünyaya bir daha göstərmişdir. Bu gün Azərbaycanın qazandığı uğurlar bütün dünya azərbaycanlılarını qəlbdən sevindirir. Azərbaycan Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin bərpa edilməsi üçün mümkün olan bütün tədbirləri görür, təəssüf ki, dövlətimizin sülh səylərini pozmaq istəyən qüvvələr var.
Dünya azərbaycanlıları xalqımıza qarşı qərəzli siyasət aparanlara qarşı daha fəal rol oynamalıdır. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə hamınızı təbrik edirik".