Braziliya milli futbol komandasının heyətində üçqat dünya çempionu olan Pele dekabrın 29-da 82 yaşında vəfat edib.
Pele (tam adı - Edson Arantis du Nasimentu) tarixdə oyunçu kimi üç dəfə (1958, 1962, 1970) dünya çempionu olmuş yeganə futbolçudur. O, 92 matçda 77 qol vuraraq Braziliya millisinin tarixində ən yaxşı bombardirlər siyahısında Neymarla birinci yeri bölüşdürür. Klub səviyyəsində Pele 18 il Braziliyanın "Santos" klubunu təmsil edib, daha üç il Amerikanın "Nyu-York Kosmos"unda oynaıb və 1977-ci ildə elə bu klubda karyerasını bitirib. Pele peşəkar karyerasında ən çox qol vurduğu üçün Ginnesin Rekordlar Kitabına düşüb - bəzi məlumatlara görə, braziliyalı 1281 qol vurub.
Pelenin dünya çempionatındakı ilk oyunu 1958-ci ildə İsveçdə keçirilən çempionatda SSRİ yığmasına qarşı oyun olub. Braziliyalılar 2:0 hesabı ilə qalib gəlib, Pele isə məhsuldar ötürmə edib. O, həmçinin, yoldaşlıq görüşlərində iki dəfə Sovet İttifaqına qarşı oynayıb: 1965-ci ilin iyulunda bir dubl və Pelenin qolla nəticələnən ötürməsi braziliyalılara Moskvanın "Lujniki" stadionunda 3: 0 hesabı ilə qalib gəlməyə kömək edib; noyabrda Braziliyada yenidən qarşılaşan komandalar heç-heçə oynayıblar (2:2). Futbol Kralı isə bu oyunda bir qola imza atıb.
Karyerası başa çatdıqdan sonra Pele bir sıra filmlərdə və seriallarda rollara çəkilib, xeyriyyə layihələri təşkil edib. 1994-cü ildə o, YUNESKO-nun xoşməramlı səfiri, 1995-ci ildə Braziliyanın idman naziri olub. 1997-ci ildə Böyük Britaniya kraliçası II Yelizaveta tərəfindən cəngavər rütbəsinə layiq görülüb.
Braziliya prezidenti Jair Bolsonaru Pelenin ölümü ilə əlaqədar üç günlük matəm elan edib.