SƏHİYYƏ

Ölkədə kəskin respirator infeksiyalarına yoluxmada artım var - İnfeksionist

İnfeksionist insanların immun sistemini gücləndirmək üçün düzgün qidalanmalı olduqlarını bildirib
Sputnik
BAKI, 29 dekabr — Sputnik. Qış aylarında uşaqlar və böyüklər arasında kəskin respirator infeksiyasına yoluxma hallarında artım müşahidə edilir. Həmin xəstəliklər, adətən, yuxarı tənəffüs yollarının zədələnməsi nəticəsində yaranır. Kəskin respirator virus simptomlarına boğaz ağrısı, öskürək, burun tutulması, temperaturun yüksəlməsi, halsızlıq, baş ağrısı, əzələ ağrıları daxildir.
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
Onun sözlərinə görə, son aylarda ölkədə kəskin respirator infeksiyalara yoluxma saylarında artım müşahidə olunur:
"Bu infeksiyalar xroniki xəstəliklərə malik və immun sistemi zəif olan insanlarda müəyyən fəsadlar yarada bilər".
Respirator xəstəliklərindən qorunma yollarından danışan T.Eyvazov qeyd edib ki, infeksiyadan qorunmaq üçün əhalinin sıx toplaşdığı yerlərdə maskadan istifadə etmək, sosial məsafəni gözləmək, gigiyena qaydalarına əməl etmək vacibdir:
"Valideynlər bu simptomları uşaqlarında müşahidə etdikləri zaman onları məktəbə göndərməməlidirlər. Xəstənin vəziyyətindən asılı olaraq həkimə müraciət etmək tövsiyə olunur".
İnfeksionist insanların immun sistemini gücləndirmək üçün düzgün qidalanmalı olduqlarını bildirib:
"İnsanlar qida rasionlarına mövsümi meyvə və tərəvəzləri əlavə etməlidirlər. Eyni zamanda havanın temperaturuna uyğun geyinmək tövsiyə edilir".