BAKI, 28 dekabr — Sputnik. İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) publik hüquqi şəxsin Müşahidə Şurasının iclası keçirilib.
Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun sədrliyi ilə keçirilən iclasda 2021-2022-ci illər ərzində 4SİM-in idarə olunması sahəsində həyata keçirilmiş tədbirlər barədə məlumat verilib, 2023-cü il üçün qarşıya qoyulmuş prioritet inkişaf istiqamətləri ilə bağlı müzakirələr aparılıb.
Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin Müşahidə Şurasının iclası
© Photo : Ministry of Economy (Azerbaijan)
İclasda 2022-ci il üçün gəlir və xərclər smetası və digər məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.
Xatırladaq ki, Prezident İlham Əliyev 2021-ci ilin yanvarın 6-da "İqtisadiyyat Nazirliyinin tabeliyində "Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi" publik hüquqi şəxsin yaradılması haqqında" fərman imzalayıb. Fərmana əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyində "Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi" publik hüquqi şəxs yaradılıb. Mərkəz Azərbaycan ilə Dördüncü Sənaye İnqilabı sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlığı və bu sahədə əlaqələndirməni, habelə rəqəmsal iqtisadiyyat üzrə çağırışların, təşəbbüslərin, strategiyaların və layihələrin təhlilini və koordinasiyasını həyata keçirəcək.
Sənaye İnqilabları
Onu da bildirək ki, Birinci Sənaye İnqilabı dedikdə, XVIII əsrin ikinci yarısından etibarən Avropada ortaya çıxan, buxar və su enerjisinə əsaslanan və manufaktura istehsalının mexanikləşdirilməsini doğuran sənaye inqilabı nəzərdə tutulur. Bu, şübhəsiz ki, böyük bir inqilab idi və dünya iqtisadiyyatında sənayeləşmə prosesinin də təməlində dayanır.
İkinci Sənaye İnqilabı dedikdə, XX əsrin birinci yarısından etibarən elektrik enerjisinə əsaslanan konveyerli kütləvi istehsalın ortaya çıxması nəzərdə tutulur. XX əsrin ikinci yarısında elektronikanın, proqramlaşdırılan məntiqi nəzarətçilərin (PLC), informasiya-kommunikasiya sistemlərinin və robotların inkişafı Üçüncü Sənaye İnqilabını doğurdu. Bu inqilab qeyd edilən nailiyyətlərə əsaslanaraq istehsalın avtomatlaşdırılmasını təmin etdi.
Dördüncü Sənaye İnqilabı isə XXI əsrin əvvəllərindən başlayaraq rəqəmsal texnologiyaların nailiyyətlərinə əsaslanaraq ortaya çıxıb. Bu inqilab, istehsalda bulud texnologiyasına əsaslanan maşın öyrənməsi vasitəsilə kiber-fiziki sistemlərin avtonom qərar qəbulunu nəzərdə tutur. Bu, bazar araşdırması, istehsal və satışla bağlı qərarları avtonom şəkildə verə bilən "ağıllı fabrik"lərin ortaya çıxmasına şərait yaradır.