RUSİYA

Putin Sankt-Peterburqda Əliyev və Paşinyanla ikitərəfli görüşlər keçirəcək

Eyni zamanda, onun sözlərinə görə, Sankt-Peterburqda keçiriləcək sammit zamanı MDB ölkələrinin liderləri ikitərəfli formatda danışmaq imkanı əldə edəcəklər.
Sputnik
BAKI, 26 dekabr — Sputnik. Rusiya, Azərbaycan və Ermənistan liderləri Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan MDB-nin Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammiti çərçivəsində üçtərəfli görüş keçirməyi planlaşdırmırlar. Bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
Eyni zamanda, onun sözlərinə görə, Sankt-Peterburqda keçiriləcək sammit zamanı MDB ölkələrinin liderləri ikitərəfli formatda danışmaq imkanı əldə edəcəklər.
"İkitərəfli təmaslar, təbii ki, baş tutacaq. Sammitin böyük hissəsi qeyri-rəsmi şəraitdə keçiriləcək", - o deyib.
Dekabrın 26-27-də MDB-nin qeyri-rəsmi sammiti keçiriləcək. Belarus Prezidenti Aleksandr Lukaşenko, Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan lideri Kasım-Jomart Tokayev, Tacikistan rəhbəri Emoməli Rəhmon, Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov, Qırğızıstan Prezidenti Sadır Japarov, Özbəkistanın lideri Şavkat Mirziyoyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Sankt-Peterburq görüşündə iştirak edəcəklər.
Ölkə liderləri 2022-ci ilin yekunlarını və Birlik üçün ən aktual sahələrdə gələcək əməkdaşlıq planlarını müzakirə edəcəklər. Qarabağ nizamlanması və Qırğızıstan-Tacikistan sərhədindəki qeyri-sabitlik mövzusu hələ də aktual mövzular arasında qalır. Yeni mövzular arasında Rusiya, Qazaxıstan və Özbəkistan arasında qazla bağlı "üçlü ittifaq"ın yaradılması perspektivi də var.
Bundan əvvəlki analoji görüş oktyabrın 7-də şimal paytaxtında keçirilib.