RUSİYA

Ərdoğan Putinin təklif etdiyi “qaz qovşağı” layihəsini hökumətlə müzakirə edəcək – mənbə

Putin və Ərdoğan bundan əvvəl Türkiyədə qaz qovşağının yaradılması məsələsini ətraflı şəkildə işləməyi tapşırıblar.
Sputnik
BAKI, 25 dekabr - Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bazar ertəsi Nazirlər Kabineti ilə Rusiya lideri Vladimir Putinin təklif etdiyi “qaz qovşağı” layihəsinin həyata keçirilməsi mexanizmlərini müzakirə edəcək. Bu barədə RİA Novosti-yə Ankaradakı diplomatik mənbə bildirib.
Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Tayyib Ərdoğan bundan əvvəl Türkiyədə qaz qovşağının yaradılması məsələsini ətraflı şəkildə işləməyi tapşırıblar.
Xüsusilə də bu qovşaq vasitəsilə Rusiya qazını zədələnmiş “Şimal axını”ndan nəql etmək mümkündür.
"Nazirlər Kabineti sabah 2022-ci ildə prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə son iclasını keçirəcək. İclasın əsas mövzusu qazdır. Bura Qara dənizdə kəşf edilmiş qazın milli sisteminə qoşulması və Rusiya prezidentinin təklif etdiyi “qaz qovşağı” layihəsi daxildir”, - deyə mənbə bildirib.
Onun sözlərinə görə, Nazirlər Kabinetinin iclasında enerji və təbii sərvətlər naziri Fatih Dönmezin geniş məruzə ilə çıxış edəcəyi gözlənilir.
“Türkiyə Prezidenti Nazirlər Kabinetinin iclasından sonra xalqa ənənəvi müraciətində qəbul edilən qərarlar barədə ictimaiyyətə məlumat verəcək”, - deyə mənbə vurğulayıb.
Bundan daha əvvəl Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novak bildirib ki, Türkiyədə qaz qovşağının formalaşdırılması istiqamətində aktiv iş aparılır, 2023-cü ildə qərar verilə bilər:
"Belə bir mərkəzdə qiymət, Hollandiya TTF-dən fərqli olaraq, bazara əsaslanacaqdır".
Baş nazirin müavininin sözlərinə görə, qaz qovşağında digər ölkələr də iştirak edə bilər: Əlcəzair, Qətər və Azərbaycan da cənub istiqamətində Avropaya qaz verir.