BAKI, 23 dekabr — Sputnik. Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası prezident seçkilərinin iyun ayından may ayına keçirilməsinin tərəfdarıdır, müxalifət isə bunun əleyhinədir. Bu barədə "Sabah" qəzeti mənbələrinə istinadən xəbər verir.
"Prezident seçkilərində namizədlər may ayında müəyyənləşəcək. Seçki prosesi yaxınlaşdıqca ən çox müzakirə olunan məsələlərdən biri də seçkilərin 2023-cü ilin may ayında baş tutub-tutmayacağıdır. Hakim partiya seçkilərin may ayına salınmasının tərəfdarıdır. Ancaq müxalifət bunu dəstəkləməyəcəyi ilə bağlı bəyanat yayıb.
Nəşr qeyd edir ki, müxalifətin dəstəyini ala bilməsə, prezidentin seçkiləri təxirə salmaq üçün səlahiyyətlərindən istifadə edəcəyi gözlənilir.
Türkiyədə növbəti prezident və parlament seçkilərinin 2023-cü il iyunun 18-də keçirilməsi planlaşdırılır. Hakim Ədalət və İnkişaf Partiyası (AKP) və Milliyyətçi Hərəkat Partiyası (MHP) daha əvvəl Xalq Alyansı yaratmışdı. Türkiyənin millətçi partiyasının lideri Dövlət Baxçalı prezident Tayyib Ərdoğanın qarşıdan gələn seçkilərdə Xalq Alyansının namizədi olacağını bildirib. Prezidentin özü uzun müddət namizədliyin irəli sürülməsinə münasibət bildirməsə də, gözlənilmədən tərəfdarları ilə görüşdə əsas rəqibi Kamal Kılıçdaroğlu ilə dövlət başçısı postu uğrunda mübarizə aparmaq niyyətində olduğunu bəyan edib. Müxalifət hələlik namizədini açıqlamayıb.