BAKI, 22 dekabr — Sputnik. Dekabrın 21-də Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin rəhbərliyi ilə nümayəndə heyətinin Rusiyaya işgüzar səfəri başlayıb. Bu barədə AQTA-dan məlumat verilib.
Səfər çərçivəsində AQTA sədrinin Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor"), Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidmətinin ("Rospotrebnadzor") və digər müvafiq qurumlarının rəhbərliyi ilə görüşləri nəzərdə tutulub.
Görüşlərdə qida təhlükəsizliyi ilə bağlı ikitərəfli münasibətlər, qarşılıqlı maraq doğuran məsələlər, həmçinin imzalanması nəzərdə tutulan "Azərbaycan Hökuməti və Rusiya Hökuməti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında Saziş" layihəsinin razılaşdırılması, "Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi ilə Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət Federal Xidməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş" layihəsi müzakirə ediləcək.
Rusiyaya işgüzar səfər zamanı 2023-cü il 1 yanvar tarixindən qüvvəyə minəcək "Qida təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, ölkəmizə qida və yem məhsullarının, o cümlədən qida ilə təmasda olan material və məmulatların idxalı ilə əlaqədar nəzərdə tutulan yeniliklər də diqqət mərkəzində olacaq.
Görüşlərdə Qoşqar Təhməzli Rusiyadan ölkəmizə idxal olunan qida məhsulları partiyalarında aşkarlanmış uyğunsuzluqların gələcəkdə təkrarlanmaması və aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi, o cümlədən idxal-ixrac prosesləri zamanı ortaya çıxan texniki çətinliklərə çevik reaksiya verilməsi məqsədilə təkliflərini çatdıracaq.
21-23 dekabr tarixlərini əhatə edəcək səfər zamanı nümayəndə heyəti Ümumrusiya Bitki Karantini Mərkəzinin (VNİİKR) fəaliyyəti ilə tanış olacaq, hər iki dövlətin müvafiq qurumlarının mütəxəssislərinin iştirakı ilə qida təhlükəsizliyi, baytarlıq, bitki mühafizəsi sahələri üzrə təcrübə mübadiləsinin təmin edilməsi, Rusiyanın elmi-tədqiqat müəssisələri ilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu arasında əməkdaşlıq əlaqələrinin yaradılması da diqqət mərkəzində olacaq.