BAKI, 21 dekabr — Sputnik. "Müraciət olarsa, sürücülük imtahanlarını keçirə bilərik".
Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
"Hesab edirəm ki, biliklərin yoxlanılmasında hansısa formatda prosesə qoşula bilərik. Lakin təbii ki, real sürücülük qabiliyyətini yoxlaya bilmərik. Yeni imtahan mərkəzində bunun üçün imkanımız olacaq. Biz hansısa imtahanı keçirmək üçün heç kimlə danışıq aparmırıq. Hökumət nə sifariş verirsə, onu yerinə yetiririk" – o qeyd edib.
Qeyd edək ki, imtahanların qəbulu və "Al", "A", "B", "C", "D", "BE", "CE" və "DE" kateqoriyalarına aid nəqliyyat vasitələrinin, tramvay və trolleybusun idarə edilməsi üçün sürücülük vəsiqələrinin verilməsi Dövlət Yol Polisinin qeydiyyat-imtahan məntəqəsi tərəfindən aparılır.
Traktorları və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahanların qəbulu və sürücülük vəsiqəsinin verilməsi Kənd Təsərrüfatı Nazirliyinin Daxili İşlər Nazirliyi və Təhsil Nazirliyi ilə razılaşdırılmış təlimatı əsasında həyata keçirilir.
“C”, “D”, “BE”, “CE” və “DE” kateqoriyalarına aid nəqliyyat vasitələrindən birinin, “tramvay” və “trolleybusun” idarə edilməsi məqsədi ilə sürücülük vəsiqəsi almaq üçün fiziki şəxslər, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsiilə razılaşdırılmış vahid tədris planları və proqramları əsasında tədris müəssisələrində hazırlıq kursları keçməlidirlər.