SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Türk dövlətlərinin onuncu sammiti 2023-cü ildə Qazaxıstanda keçiriləcək

TDT-nin bundan əvvəlki sammiti noyabrda Səmərqənddə baş tutub.
Sputnik
BAKI, 20 dekabr — Sputnik. Türk Dövlətləri Təşkilatının (TDT) növbəti sammiti 2023-cü ildə Qazaxıstanda keçiriləcək.
Bu barədə respublika rəhbəri Qasım-Jomart Tokayevin Mətbuat Xidməti məlumat yayıb.
"TDT-nin növbəti, 10-cu yubiley sammiti 2023-cü ildə Qazaxıstanda keçiriləcək", - Mətbuat Xidmətinin məlumatında deyilir.
Press-relizdə həmçinin bildirilir ki, Tokayev çərşənbə axşamı TDT-nin baş katibi Kubanıçbek Ömüraliyevi qəbul edib və onu bu vəzifəyə (Baş katib) təyin olunması münasibətilə təbrik edib.
"Qasım-Jomart Tokayev qeyd edib ki, Qazaxıstan təşkilatın təsisçilərindən biri kimi türk dövlətləri ilə çoxtərəfli əməkdaşlığın inkişafında maraqlıdır və katibliyin işinə maksimum dəstək verəcək", - deyə Mətbuat Xidməti bildirib.
Tokayevin fikrincə, bu gün türk xalqlarının əməkdaşlığının və birliyinin möhkəmləndirilməsi üçün unikal platforma kimi TDT-nin rolu və əhəmiyyəti xeyli artıb. Bir çox dövlətlər və beynəlxalq təşkilatlar TDT ilə ticarət-iqtisadi, mədəni-humanitar əlaqələri genişləndirmək niyyətində olduqlarını bildirirlər.
2009-cu ildə yaradılan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) 2021-ci ilin noyabrında İstanbul Zirvə toplantısında adının dəyişdirilərək Türk Dövlətləri Təşkilatına çevrilməsinə qərar verib. Təşkilatda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan, Türkmənistan və Macarıstan müşahidəçi qismində iştirak edirlər.
Bundan əvvəlki sammit noyabrda Səmərqənddə baş tutub.