AZƏRBAYCAN XƏBƏRLƏRİ

Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının maaşları tənzimlənəcək

Qanuna əsasən, gələn il yanvarın 1-dən miqrasiya orqanlarının işçiləri hər ay maaşlarının 1,1 misli məbləğində vəzifə maaşlarına əlavə alacaqlar.
Sputnik
BAKI, 20 dekabr — Sputnik. Prezident İlham Əliyev "Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının vəzifə maaşlarının tənzimlənməsi haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşları 2023-cü il yanvarın 1-dən Azərbaycan Respublikasında müvafiq vəzifələrdə olan dövlət qulluqçularının aylıq vəzifə maaşları səviyyəsində müəyyən edilib.
Nazirlər Kabineti:
- bu Sərəncama uyğun olaraq, Xidmətin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının məbləğlərini iki ay müddətində təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
- bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
Xidmət xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının məbləğləri barədə təkliflərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla, bir ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir.
Miqrasiya orqanlarının işçiləri maaşlarının 1,1 misli məbləğində əlavə alacaqlar. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə" qanunda əksini tapıb.
Qanuna əsasən, gələn il yanvarın 1-dən miqrasiya orqanlarının işçiləri hər ay maaşlarının 1,1 misli məbləğində vəzifə maaşlarına əlavə alacaqlar