BAKI, 19 dekabr — Sputnik. Qarabağdakı maddi mədəniyyət nümunələrinin ermənilər tərəfindən oğurlanması ilə bağlı siyahıyalma işləri başlayıb.
Bunu Mədəniyyət Nazirliyinin Muzey, qalereya və sərgilər şöbəsinin müdiri Nərgiz Abdullayeva Azərbaycan-Türkiyə İkinci Birgə Mədəniyyət Komissiyasının iclasında deyib.
Azərbaycan-Türkiyə İkinci Birgə Mədəniyyət Konfransı baş tutub
© Photo : Nihat Pir
Şöbə müdiri bildirib ki, bununla bağlı Türkiyə ilə əməkdaşlıq edilir:
"Türkiyənin təcrübəsindən faydalanmaqda maraqlıyıq".
Sözügedən tədbirdə çıxış edən Türkiyə Mədəni İrs və Muzeylər İdarəsinin Baş direktoru Gökhan Yazgı bildirib ki, Türkiyədən aparılmış və ya qaçırılmış 4000-dən çox əsər xarici ölkələrdən geri qaytarılıb.
O vurğulayıb ki, bu istiqamətdə Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdırlar. Digər ölkələrlə də əməkdaşlıq istiqamətində işlər davam etdirilir. O, Azərbaycanla bu istiqamətdə əməkdaşlığa hazır olduqlarını deyib.
Azərbaycan-Türkiyə İkinci Birgə Mədəniyyət Konfransı baş tutub
© Photo : Nihat Pir
Mədəniyyət Nazirliyinin "Audiovizual və İnteraktiv Media" şöbəsinin müdiri Rüfət Həsənov Azərbaycan-Türkiyə İkinci Birgə Mədəniyyət Komissiyasının iclasında dahi Azərbaycan şairi Nizami Gəncəvi haqqında "Sevgi hekayəsi" adlı bədii film çəkildiyini bildirib. O bildirib ki, ekran əsərinin təqdimatı 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində olacaq. Tammetrajlı filmdə şairin həyat və yaradıcılığından bəhs edilir.