AZƏRBAYCAN XƏBƏRLƏRİ

Avropada Ermənistanın ekoterrorunu pisləyən etiraz aksiyası keçirilib

Aksiya iştirakçıları Ermənistan hakimiyyətini 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərini icra etməyə çağırıblar.
Sputnik
BAKI, 19 dekabr — Sputnik. Almaniyada fəaliyyət göstərən azərbaycanlı icması Berlinin Brandenburq Qapısının önündəki məşhur Paris meydanında dinc etiraz aksiyası keçirib.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat veirlib.
Bildirilib ki, "Almaniyadakı Azərbaycanlı İcması" təşkilatının təşəbbüsü ilə bir araya gələn azərbaycanlılar Şuşada ekofəalların və könüllülərin Azərbaycanın təbii sərvətlərinin erməni separatçıları tərəfindən qanunsuz istismarına qarşı keçirdikləri aksiyaya dəstək nümayiş etdiriblər.
Aksiya iştirakçıları Ermənistan hakimiyyətini 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərini icra etməyə çağırıblar.
Eyni zamanda, aksiya iştirakçıları hazırda İranda baş verən hadisələr fonunda soydaşlarımızın fundamental hüquqlarının pozulmasına, fəal gənclərin İranın hüquq-mühafizə orqanları tərəfindən təqib edilmələri və qətlə yetirilmələrinə etirazlarını bildiriblər.
Qeyd edək ki, aksiyada Almaniyanın müxtəlif şəhərlərindən gəlmiş diaspor üzvləri və cənubi azərbaycanlılar iştirak ediblər.
Xatırladaq ki, 2022-ci ilin dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.