BAKI, 17 dekabr - Sputnik. Daxili işlər nazirinin müavini, general-leytenant Oruc Zalov vəzifəsindən azad olunub.
General xidmətdə olmanın son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.
Məlumata görə, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Oqtay Kərimov Oruc Zalovun yerinə təyinat alıb.
Oruc Zalov 1952-ci il dekabrın 7-də Naxçıvanda anadan olub.
1979-cu ildən daxili işlər orqanlarında xidmət edir. 1994-cü ildə Babək rayon Polis Şöbəsinin rəisi vəzifəsinə irəli çəkilmiş, 1995–1998-ci illər Azərbaycan Respublikası DİN-in Qərargah rəisi vəzifəsində xidmət etmişdir.
Azərbaycan Respublikası Prezidentinin 22 fevral 1998-ci il tarixli 757 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası daxili işlər nazirinin müavini təyin olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 1999-cu il tarixli 54 nömrəli Fərmanı ilə polis general-mayoru, 17 yanvar 2002-ci il tarixli 647 nömrəli Fərmanı ilə polis general-leytenantı xüsusi rütbəsi verilmişdir.
Cinayətkarlığa qarşı mübarizə işinin təşkilində, dövlətin Konstitusiya və dövlət quruluşunun müdafiəsində, əmin-amanlığın təmin edilməsində uğurlu nəticələrinə görə müxtəlif mükafatlara layiq görülmüşdür.
Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 1995-ci il tarixli 424 nömrəli Fərmanı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuşdur.